Fluprosal 100 / 50

FLUPROSAL 100 / 50   mkq  içərisində inhalyasiya üçün  toz olan,  inhalyasion yolla qəbul edilən  kapsullar
FLUPROSAL

Tərkibi
Təsiredici  maddələr: içərisində inhalyasiya üçün  toz olan hər kapsulda (hər nəfəslə daxilə qəbul zamanı)
100 mkq flutikazon propionat və 50 mkq salmeterola ekvivalent 72,50 mkq salmeterol ksinafoat vardır.

Köməkçi  maddələr:  laktoza monohidrat.    

Təsviri
Şəffaf kapsulun içərisində ağ və ya ağımtıl toz.

 Farmakoterapevtik qrupu
Astma əleyhinə vasitələr.

ATC kodu: R03A K06

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
“FLUPROSAL” preparatının tərkibində müxtəlif təsir mexanizmlərinə malik olan  flutikazon propionat və salmeterol var. Flutikazon propionat ağciyərlərin funksiyalarını yaxşılaşdırır və xəstəliyin kəskinləşməsinin qarşısını alır, salmeterol isə simptomları yüngülləşdirir. “FLUPROSAL”  uzunmüddətli təsir göstərən beta-aqonistləri və inhalyasion kortikosteroid hesabına pasiyentlərin daha rahat həyat rejimini təmin edir. Preparatın hər iki aktiv maddəsinin müvafiq təsir mexanizmləri aşağıda təsvir olunur:

Flutikazon propionat
Flutikazon propionat yerli istifadə üçün nəzərdə tutulmuş qlukokortikoiddir, tövsiyə olunan dozalarda təyini iltihabəleyhinə, allergiya əleyhinə təsir göstərərək, ağciyərin obstruktiv xəstəliklərinin klinik əlamətlərinin və ağırlaşmalarının azalmasına səbəb olur. Xəstənin bronxodilatatorlara qarşı həssaslığını bərpa edir və istifadəsinə tələbatı azaldır. Flutikazon propionatın təyini sistem qlukokortikoidlərdən fərqli olaraq əlavə təsirlərin yaranmasına səbəb olmur.

Flutikazon propionatın  uzun müddət və maksimal dozalarda istifadəsi zamanı böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının sekresiyası həm uşaqlarda, həm də böyüklərdə norma daxilində qalır.

Salmeterol
Salmeterol uzunmüddətli (12 saat) təsir mexanizminə malik olan selektiv beta-2-aqonistdir.
Salmeterolun bu farmakoloji xüsusiyyətləri təsirin daha yavaş başlamasını, lakin histamin ilə əlaqədar bronxokonstriksiyaya qarşı daha effektli mühafizəni təmin etməklə yanaşı, standart (qısamüddətli) təsir mexanizminə malik olan beta-2-aqonistlərinin tövsiyə olunan dozaları ilə müqayisədə, uzunmüddətli (təxminən 12 saat davam edən) bronxodilatasiyaya şərait yaradır. Bronxolitik effekt 10-20 dəqiqə ərzində başlayır.
Salmeterol insanın ağciyərindən tosqun hüceyrələr tərəfindən sintez olunan histamin, leykotriyen və prostaqlandin D2 kimi mediatorların sintezinin güclü və uzunmüddətli təsirə malik inhibitordur.

Salmeterol allergik reaksiyanın erkən və gec fazasını inhibə edir (sonuncusu dozanın qəbulundan sonra 30 saat davam edir) və bu zaman, bronxodilatatorun təsiri artıq itmiş olur. Salmeterolun bir dozası bronxial hiperhəssaslığı azaldır.

Farmakokinetikası
Flutikazon propionat və salmeterolun birlikdə istifadəsi zamanı onların bir-birinin farmakokinetikasına təsir göstərdikləri sübut olunmadığı üçün hər iki maddənin təsir effektləri ayrıca öyrənilir. Qanda çox cüzi konsentrasiya yaratmalarına baxmayaraq CYP3A4 izofermentinin inhibitorları və digər maddələrlə qarşılıqlı təsirini nəzərdən qaçırmaq olmaz.

Salmeterol:
Salmeterol yerli olaraq ağciyər toxumasında təsir göstərdiyi üçün, qan plazmasında yaratdığı konsentrasiya terapevtik effekt göstərmir. İnhalyasiya ilə qəbul olunduqda qanda yaratdığı maksimal konsentrasiya Cmax çox azdır (200 pq/ml-dən aşağı). Dəfələrlə inhalyasiyadan sonra qanda hidroksinaftoy turşusu aşkarlanır ki, onun da maksimal konsentrasiyası 10 pq/ml-dən artıq olmur. Bu isə toksiki konsentrasiyadan 1000 dəfə aşağıdır.

Salmeterol plazma zülalları ilə 96% birləşir.

Salmeterol laboratoriya şəraitində aparılmış tədqiqat göstərib ki, salmeterol “sitoxrom P450 3A4” (“CYP3A42) fermentinin təsiri ilə α-hidroksisalmeterola (alfa oksidləşmə) çevrilir. Salmeterolun  yarımxaricolma dövrü 5,5 saat təşkil edir. Salmeterolun  60%-i orqanizmdən nəcislə, 25%-i isə sidiklə ifraz olunur.

Flutikazon propionat:
Sağlam insanlarda flutikazonun biomənimsənilməsi qəbul olunan dozanın 5.3%-ni təşkil edir. Astma və ya AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) xəstəliyindən əziyyət çəkən pasiyentlərdə inhalyasiya olunmuş flutikazon propionatın sistem təsiri daha az müşahidə olunur. Preparatın sistem absorbsiyası (əsasən) ağciyər vasitəsi ilə reallaşır və əvvəlcə sürətlə baş versə də, daha sonra absorbsiya sürəti zəifləyir. İnhalyasiya dozasının qalan hissəsini udmaq olar, lakin bu qalıq hissə suda zəif həll olduğu üçün və  maddələr mübadiləsinə daxil olduğuna görə sistem təsirə minimum dərəcədə kömək edir və bu peroral qaydada qəbulun təsirini 1%-dən az edir. İnhalyasiya yolu ilə qəbul edilən dozanın artırılması sistem təsirin düz xətt şəkildə artması ilə nəticələnir.

Plazma zülallarına birləşmə göstəricisi kifayət qədər yüksəkdir (91%). Qan plazmasından tez eliminasiya olunur və CYP3A4  izofermentinin təsiri ilə qeyri-aktiv metaboliti olan karboksilə çevrilir. T 1/2  8 saat təşkil edir. Plazma klirensi 1150 ml/dəq, tarazlıq paylanma həcmi 300 l təşkil edir. Flutikazonun böyrək klirensi çox azdır (< 0.2%), metabolit şəklində sidiklə 5% xaric olunur. Flutikazon propionat maddəsinin sistem təsirinin artma ehtimalı olduğu üçün preparatı “CYP3A4” inhibitorları ilə eyni vaxtda qəbul edərkən diqqətli olmaq lazımdır.  Orqanizmdən MBT tərəfindən hidroksilləşmiş metaboliti şəklində xaric olunur.

 İstifadəsinə göstərişlər
Astma
FLUPROSAL  uzunmüddətli təsirə malik beta-aqonistlər və inhalyasion kortikosteroidlərlə kombinəolunmuş terapiya təyin olunmuş bronxial astmanın müalicəsi üçün istifadə olunur.

Bura daxildir:

  • Hazırda inhalyasyon kortikosteroidlər və qısa müddətli təsir effektinə malik beta-aqonistlərlə müalicə fonunda simptomları qalmaqda olan xəstələr.
  • Müntəzəm bronxgenişləndirici preparatların qəbulu fonunda  inhalyasion kortikosteroidlərə   tələbatı  olan  xəstələr.
  • Persistəedici bronxial astması olan xəstələrdə başlanğıc terapiya məqsədilə

Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX)
FLUPROSAL xroniki bronxit və emfizema da daxil olmaqla, ağ ciyərin xroniki obstruktiv xəstəliyinin (AXOX) müntəzəm müalicəsində təyin olunur və onun istifadəsi nəticəsində bütün səbəblərdən yaranan ölüm hallarının sayının aşağı düşməsi qeydə alınmışdır.

Əks göstərişləri
Əgər sizdə flutikazon / salmeterol maddələrinə və ya “FLUPROSAL” preparatının köməkçi maddəsi olan laktozaya qarşı allergik reaksiya varsa (həddindən artıq həssassınızsa) istifadə etməyin.

 Xüsusi göstərişlər və ehtiyat tədbirləri

  • “FLUPROSAL” preparatını astma tutmalarını aradan qaldırmaq məqsədi ilə istifadə etməyin; bu məqsədlə istifadə etdiyiniz preparatları həmişə yanınızda saxlayın.
  • Əgər siz simptomları yüngülləşdirmək üçün daha qısa müddət təsir göstrərən bronxodilatatorlardan istifadə edirsinizsə, o zaman həkiminizə bu barədə məlumat verin, belə ki, bu, sizdə astma xəstəliyinin ağırlaşdığını göstərir.
  • Əgər sizin astma xəstəliyiniz kəskin proqressivləşirsə, o zaman həkiminizə bu barədə məlumat verin.
  • Həkiminizlə məsləhətləşmədən, müalicənizi dayandırmayın. “FLUPROSAL” preparatı ilə müalicə tədricən, həkimin nəzarəti altında dayandırılmalıdır.
  • AXOX-dan əziyyət çəkən və “FLUPROSAL” preparatını qəbul edən pasiyentlərdə pnevmoniya xəstəliyinin inkişaf riski yüksəkdir.
  • Əgər siz aktiv və latent (gizli) ağciyər vərəmi xəstəliyindən əziyyət çəkirsinizsə, o zaman həkiminizə bu barədə məlumat verin – o, müalicənizdə dəyişiklik edə bilər.
  • Əgər siz tireotoksikozdan əziyyət çəkirsinizsə, həkiminizə bu barədə məlumat verin – o, müalicənizdə dəyişiklik edə bilər.
  • “FLUPROSAL” preparatı terapevtik dozalardan yüksək dozada qəbul edilərsə, arterial təzyiqin və ürək döyüntülərinin artmasına səbəb ola bilər, bu səbəbdən əgər siz ürək-damar xəstəliyindən əziyyət çəkirsinizsə, həkiminizə məlumat verin, o, müalicənizdə dəyişiklik edə bilər.
  • “FLUPROSAL” preparatı terapevtik dozalardan yüksək dozada qəbul edilərsə, qanda kalium səviyyəsinin azalmasına səbəb ola bilər və buna görə də, əgər sizin qanınızda kaliumun səviyyəsi aşağıdırsa və ya sizdə buna meyillik varsa, öz həkiminizə bu barədə məlumat verin – o, müalicənizdə dəyişiklik edə bilər.
  • Preparat kortikosteroid tərkibinə görə uzun müddət, xüsusilə də yüksək dozalarda istifadə edilərsə, “FLUPROSAL” preparatı Kuşinq sindromu, Kuşinq Sindromuna bənzər əlamətlər, böyrəküstü vəzidə hormon ifrazının azalması, uşaqlarda və yeniyetmələrdə inkişafın gecikməsi, sümüklərin mineral sıxlığının azalması, katarakta və qlaukoma (göz təzyiqi) kimi sistem təsirlərin yaranmasına səbəb ola bilər.
  • Preparat uşaqlarda və yeniyetmələrdə inkişafın gecikməsinə səbəb ola bilər və buna görə də, uzun müddət “FLUPROSAL” preparatını qəbul edən uşaqların boyuna müntəzəm qaydada nəzarət edilməlidir.
  • Bəzi pasiyentlər inhalyasiya ilə qəbul edilən kortikosteroidlərə qarşı daha həssas ola bilərlər, odur ki, siz peroral kortikosteroid müalicəsindən inhalyasion kortikosteroid müalicəsinə keçərkən, həkiminiz sizi yaxından müşahidə edəcək.
  • İnhalyasion yolla flutikazon propionat istifadə etdikdən sonra sistem müalicənin dayandırılması tədricən həyata keçirilməli və xəstələrə özləri ilə stressli vəziyyətlərdə əlavə müalicəyə ehtiyacı göstərən steroid xəbərdarlıq kartı daşımaları məsləhət görülür.
  • “FLUPROSAL” çox nadir hallarda qanda qlükozanın səviyyəsinin artması qeydə alınmışdır, odur ki, əgər siz şəkərli diabet xəstəliyindən əziyyət çəkirsinizsə, həkiminizə bu barədə məlumat verin – o, müalicənizdə dəyişiklik edə bilər.
  • Əgər siz “ritonavir” preparatını (virus əleyhinə istifadə edilən dərman vasitəsi) qəbul edirsinizsə, həkiminizə bu barədə məlumat verin – o, müalicənizdə dəyişiklik edə bilər.

Əgər bu xəbərdarlıqlar (keçmişdə olsa belə) sizə aiddirsə, o zaman xahiş edirik öz həkiminizlə məsləhətləşəsiniz.

Qida və maye ilə birlikdə qəbul edilməsi:
Səciyyəvi qəbul xüsusiyyətinə görə, “FLUPROSAL” preparatı daxilə qəbul olunan qida və su ilə təmasa girmir.

“FLUPROSAL” preparatının köməkçi maddələrinə aid məlumat
“FLUPROSAL” preparatının tərkibində laktoza var. “FLUPROSAL” preparatının qəbul qaydası inhalyasiya olduğu üçün heç bir xəbərdaredici tədbirə ehtiyac yoxdur.

Böyrək / qaraciyər çatışmazlığı:
Böyrək / qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün heç bir doza korreksiyasına ehtiyac yoxdur.
Əgər siz “FLUPROSAL” preparatının  həddindən çox və ya az təsir etdiyini  güman edirsinizsə, o zaman öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

“FLUPROSAL” preparatını qəbul etməyi unutmusunuzsa:
Əgər siz “FLUPROSAL” preparatının dozasını qəbul etməyi unutsanız, növbəti dozanı vaxtında qəbul edin.
Əgər siz bir dozanı qəbul etməyi unutmusunuzsa, onda qəbul etməyi unutduğunuz dozanı nəzərə almayın və dərmanı adi qaydada qəbul etməyə davam edin.

“FLUPROSAL” preparatı ilə müalicəni dayandırsanız:
Astma xəstəliyinin kəskinləşməsinə yol verməmək üçün “FLUPROSAL” preparatı ilə müalicə birdən-birə dayandırılmamalı və doza həkimin nəzarəti altında tədricən azaldılmalıdır. Bu sizin tənəffüs problemlərinizin ağırlaşması ilə nəticələnə bilər, lakin nadir hallarda ciddi əlavə təsirlər yaradır. Bu təsirlərə aşağıdakılar daxildir:

  • Mədə ağrısı
  • Yorğunluq və iştahasızlıq
  • Ürəkbulanma və qusma
  • Arıqlama
  • Başağrısı və yuxululuq
  • Qanda kaliumun miqdarının azalması
  • Qan təzyiqinin aşağı düşməsi və tutmalar

AXOX-dan əziyyət çəkən pasiyentlərdə müalicənin dayandırılması simptomatik dekompensasiya (orqanların funksiyalarında pozulma) ilə nəticələnə bilər; müalicə prosesi həkimin nəzarəti altında dayandırılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər siz selektiv və ya qeyri-selektiv beta-blokatorlar (ürək dərmanları), “ritonavir” (virus əleyhinə preparat), “ketakonazol” (göbələk əleyhinə preparat), “CYP P450 3A4” inhibitorları (o cümlədən ketakonazol) kimi dərman preparatlarından istifadə edirsinizsə, öz həkiminizə bu barədə məlumat verin – o, müalicənizdə dəyişiklik edə bilər.

Əgər siz yalnız resept əsasında və ya reseptsiz satılan dərman preparatını qəbul edirsinizsə, yaxud yaxın keçmişdə qəbul etmisinizsə, o zaman xahiş edirik həkiminizi və ya əczaçını bu barədə məlumatlandırasınız.

Hamiləlik  və  laktasiya  dövründə  istifadəsi
Bu dərman preparatını qəbul etməzdən əvvəl, öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.
Əgər siz hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, öz həkiminizə bu barədə məlumat verin.
Əgər müalicə əsnasında hamilə qaldığınızı müşahidə etsəniz, dərhal öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik  dövründə dərmanlar yalnız anaya verdiyi faydanın uşağa potensial riski üstələdiyi halda  təyin oluna bilər.
Retrospektiv epidemioloji tədqiqatlar əsasən  digər inhalyasion kortikosteroidlərlə müqayisədə hamiləliyin ilk trimestrində flutikazon propionatın təsiri nəticəsində əhəmiyyətli anadangəlmə qüsurların yaranma riski artmamışdır.

Laktasiya
Bu dərman preparatını qəbul etməzdən əvvəl, öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

Flutikazon və salmeterol maddələrinin laktasiya dövründə qəbul edilməsinə dair təcrübə qeyri-adekvat olduğuna görə, bu preparatı yalnız həkiminiz sizin üçün zəruri hesab edərsə, laktasiya dövründə qəbul edin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi  təsiri  qeydə alınmamışdır.

İstifadə qaydası və dozası
“FLUPROSAL” preparatı yalnız inhalyasiya yolu ilə istifadə edilir.
Əgər “FLUPROSAL” preparatı uşaq üçün nəzərdə tutulubsa, bu dərman preparatı qəbul qaydasını bilən yetkin şəxsin nəzarəti altında verilməlidir.
“FLUPROSAL” preparatından tam faydalanmaq üçün bu dərman vasitəsi müntəzəm olaraq istifadə edilməlidir. Hətta özünüzü yaxşı hiss etsəniz belə, müalicəni dayandırmayın.
Həkiminizlə məsləhətləşmədən dozanı dəyişməyin.

Astma
Tövsiyə olunan dozalar:

Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr:
Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 100 mikroqram flutikazon propionat)
və ya
Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 250 mikroqram flutikazon propionat)
və ya
Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 500 mikroqram flutikazon propionat)

4 yaşdan yuxarı uşaqlar:
Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 100 mikroqram flutikazon propionat)

Xroniki obstruktiv ağciyər xəstəliyi (AXOX):
Böyüklər: Gündə iki dəfə 1 inhalyasiya (50/250 – 50/500 mikroqram salmeterol / flutikazon propionat).

4 yaşa qədər uşaqlarda FLUPROSAL – ın istifadəsinə dair heç bir məlumat yoxdur.

Xüsusi pasiyent  qrupları
Yaşlılarda və böyrək və ya qaraciyər xəstəlikləri olan xəstələrdə dozanı nizamlamağa ehtiyac yoxdur.

İstifadəyə dair təlimat

  • İnhalyasiya aparatının qapağını dartaraq çıxarın.
  • İnhalyasiya aparatının alt hissəsini bir əlinizlə tutaraq ağızlıq hissəsini digər əlinizlə oxun göstərdiyi istiqamətdə fırladıb açın.
  • Kapsulu İnhalyasiya aparatının boşluğuna yerləşdirin. Kapsulu istifadə etməzdən əvvəl, qablaşdırmadan çıxarın.
  • Fırlatmaqla ağızlığı yerinə bərkidin.
  • İnhalyasiya aparatını düzgün tutun, kənarlarındakı düymələri yalnız bir dəfə tam sıxın və buraxın. Kapsul hər iki tərəfdən deşiləcək.

Nəfəs alarkən ağzınızda kiçik jelatin hissəciklərini hiss edə bilərsiniz. Jelatin hissəciklər zərərsizdir və udulan zaman həzm olunur. Kapsullardan blister örtüklərini qopardıqdan dərhal sonra istifadə etdikdə və düymələri yalnız bir dəfə sıxdıqda, jelatin hissəciklərin yaranma riski azalır.

  • Dərindən nəfəs verin.
  • Ağızlığı öz ağzınıza yerləşdirin və başınızı azacıq arxaya əyin. Dodaqlarınızı ağızlığın ətrafında kip bağlayın və bacardığınız qədər sürətlə və dərindən nəfəs alın.
  • İnhalyasiya aparatını ağzınızdan çıxarın və imkan daxilində nəfəsinizi tutun. Daha sonra normal  qaydada nəfəs alın. İnhalyasiya aparatını yenidən açın və içərisində tozun olub olmamasını yoxlayın. Əgər kapsulun içərisində toz varsa, o zaman 6-cı, 7-ci və 8-ci addımları təkrar edin.
  • Sonra ağzınızı su ilə yaxalayın və tüpürün.
  • İstifadə etdikdən sonra boş kapsulu atın və ağızlıq hissəsini bağlayın.

Yadda saxlayın!
İnhalyasiya aparatını quru saxlayın.
İstifadə etmədiyiniz zaman aparatı bağlı saxlayın.
Heç vaxt inhalyasiya aparatının içərisinə üfürməyin.
Yalnız dərman preparatını qəbul etməyə hazır olduqda, işəsalma (“start”) dəstəyini sıxın.
Tövsiyə olunan dozadan artıq doza qəbul etməyin.

Uşaqlar tərəfindən istifadə
 “FLUPROSAL” preparatının yaşı 4-dən az olan uşaqlar tərəfindən qəbuluna dair heç bir məlumat yoxdur.
Böyüklər tərəfindən istifadə: Böyüklər üçün heç bir doza tənzimlənməsinə ehtiyac yoxdur.

Əlavə təsirləri
Bütün digər dərmanlarda olduğu kimi, “FLUPROSAL”  preparatının da tərkibinə qarşı həssas olan şəxslərdə əlavə təsirlər baş verə bilər.
Əlavə təsirlərin yaranma ehtimalını azaltmaq üçün həkiminiz sizin astma xəstəliyinizi nəzarət altında saxlamaq məqsədi ilə “FLUPROSAL” preparatının minimal dozalarını təyin edəcək.

Çox tez-tez (hər 10 nəfərdən birində və ya daha çox) yaranan əlavə təsirlər:

  • Baş ağrısı – müalicə davam etdikcə bu əlamət adətən aradan qalxır.
  • AXOX-dən əziyyət çəkən pasiyentlərdə xeyli sayda soyuqdəymələr müşahidə olunur

Tez-tez (hər 10 nəfərdən birində və ya daha az) yaranan əlavə təsirlər:

  • Ağız və boğazda kandidoz. Həmçinin, dil ağrısı, xırıltılı səs və boğazın qıcıqlanması. Hər dəfə preparatı nəfəslə qəbul etdikdən sonra dərhal ağızı su ilə yaxalayıb tüpürmək kömək edə bilər. Həkiminiz bu xəstəliyi müalicə etmək üçün göbələk əleyhinə dərman preparatlarını təyin edə bilər.
  • Ümumi halsızlıq, aritmiya və taxikardiya – bu simptomlar adətən zərərsiz olur və müalicə davam etdikcə aradan qalxır.
  • Əzələ ağrıları.

Xroniki obstruktiv ağciyər xəstəliyindən (AXOX) əziyyət çəkən pasiyentlərdə aşağıdakı kənar təsirlər də müşahidə olunur:

  • Pnevmoniya və bronxit (ağciyər infeksiyası). Əgər siz aşağıdakı simptomları müşahidə edərsinizsə, bu barədə öz həkiminizə məlumat verin: bəlğəmin artması, bəlğəmin rənginin dəyişməsi, qızdırma, titrəmə, öskürəyin artması, tənəffüs problemlərinin çoxalması.
  • Sinusit
  • Qanda kaliumun miqdarının azalması (siz aritmiyadan, əzələ zəifliyindən və ağrısından əziyyət çəkə bilərsiniz).

Az-az (hər 100 nəfərdən birində və ya daha az) yaranan əlavə təsirlər:

  • Səpgi
  • Ürəyin sürətlə döyünməsi (taxikardiya)

Nadir hallarda (hər 10000 nəfərdən birində və ya daha az) yaranan əlavə təsirlər:

  • Allergik reaksiyalar: Siz “FLUPROSAL” preparatını qəbul etdikdən sonra daha çətin nəfəs aldığınızı müşahidə edə və daha çox xırıldamağa, yaxud öskürməyə başlaya bilərsiniz. Bədəninizdə (əsəsən, üz və dodaqlarda, yaxud boğazda) qaşınma və şişkinlik inkişaf edə bilər. Əgər sizdə bu təsirlər varsa və ya “FLUPROSAL” preparatını qəbul etdikdən sonra yaranarsa, “FLUPROSAL” preparatının qəbulunu dayandıraraq DƏRHAL öz həkiminizə və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.

Əgər siz “FLUPROSAL” preparatını uzun müddət yüksək dozada qəbul etmişsinizsə, bu, böyrəküstü vəzin qabıq maddəsinin steroid hormonunun normal ifrazına təsir edə bilər və bu təsirlərə aşağıdakılar daxildir:

  • Uşaq və yeniyetmələrdə inkişafın ləngiməsi
  • Sümüklərin nazikləşməsi
  • Katarakta və qlaukoma
  • Kökəlmə
  • Yumrulaşan (ayşəkilli) üz (Kuşinq Sindromu)

Həkiminiz bu əlavə təsirlərə görə müntəzəm olaraq sizi müayinə edərək astma xəstəliyini nəzarət altında saxlamaq üçün minimal doza qəbul etdiyinizdən əmin olmalıdır.

  • Ürəkdə ritm pozğunluqları (aritmiya). Bu barədə həkiminizlə məsləhətləşin, lakin həkimin göstərişi olmadan “FLUPROSAL” preparatının qəbulunu dayandırmayın.
  • Qanda şəkərin (qlükoza) miqdarının artması. Əgər siz şəkərli diabet xəstəliyindən əziyyət çəkirsinizsə, qanınızda qlükozanın səviyyəsinə daha müntəzəm qaydada nəzarət etmək və diabet xəstəliyinə görə aldığınız müalicəyə dəyişiklik etmək zərurəti yarana bilər.
  • Yüksək sinir oyanıqlığı, əsəbilik (bu əlavə təsirlər adətən uşaqlarda yaranır).
  • Oynaqlarda ağrı, şişkinlik, habelə əzələ ağrıları.

Əgər siz bu içlik vərəqədə sadalanmayan hər hansı kənar təsirlə qarşılaşsanız, xahiş edirik öz həkiminizə və ya əczaçıya məlumat verəsiniz.

Doza həddinin aşılması
Əgər siz lazım olduğundan artıq “FLUPROSAL” qəbul etmişsinizsə, həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

Buraxılış forması
“FLUPROSAL” preparatı tərkibində 100 mikroqram flutikazon propionat maddəsi və 50 mikroqram salmeterol maddəsinə bərabər salmeterol ksinafoat olan 60 inhalyasiya kapsulu HDPE qutuda inhalyasiya aparatı ilə alüminium örtükdə yerləşdirilir və içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq lazımdır.

Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
Laboratorios LICONSA, S.A.
Avda. Miralcampo, Nº 7, Polígono Industrial Miralcampo 19200 Azuqueca de Henares (Guadalajara), SPAIN

Məhsulun və əmtəə nişanının sahibi
Novator Pharma LLP
Office 21, 8 Shepherd Market London, W1J 7JY, United Kingdom.