Cerreparin

CERREPARIN dərman forması
SERREPARIN

Beynəlxalq patentləşdirilməmiş adı: cilostazol

Tərkibi
Təsiredici maddə: Silostazol 100 mq
Köməkçi maddələr: Sorbitol, talk, mikrokristallik sellüloza, krospovidon, kalsium karmelloza, kolloidal susuz silisium dioksid, maqnezium stearat, stearin turşusu.

Təsviri
Ağ və ya ağımtıl, diametri 8.6 mm ± 25% və qalınlığı 4.2 mm ± 25% olan dairəvi iki tərəfi qabarıq tabletlərdir. Üzərində C100 işarəsi qeyd olunub.

Farmakoterapevtik qrupu
Antiaqreqant

ATC kodu:
B.01.A.C.23

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
3-cü tip fosfodiesterazanın inhibitoru (FDE-3). Müxtəlif orqan və toxumalarda hüceyrədaxili tsiklik adenozinmonofosfatın (t-AMF) konsentrasiyasını artırır. Silostazol vazodilatator effekt göstərir. Daxilə qəbul edildikdən sonra silostazol insanda saya əzələ hüceyrələrinin proliferasiyasını inhibə edir. Eksperimental və klinik tədqiqatlar sübut edir ki, silostazol trombositlərdə t-AMF-in miqdarını artıraraq geridönən antiaqreqant effekt yaradır. Bununla yanaşı silostazol insan trombositləri tərəfindən trombositar faktor 4-ün (TF-4) xaric olunmasının qarşısını alır.
Bundan başqa silostazol qan zərdabında TQ konsentrasiyasını aşağı salır və YSLP-in konsentrasiyasını artırır.
Silostazol müsbət inotrop təsir göstərir.

Farmakokinetikası
Periferik arteriyaların okklyuzion xəstəlikləri olan pasiyentlərdə requlyar olaraq 100 mq gündə 2 dəfə qəbul olunduqda qanda tarazlıq konsentrasiyası 4 günə yaranır. Cmax və preparatın əsas metabolitlərinin qanda konsentrasiyası dozanın artırılmasına proporsional olaraq artır. Beləliklə, silostazolun və onun əsas metabolitlərinin AUC əyrisi dozanın artırılmasına proporsional olaraq artır.

Silostazolun plazma zülalları, əsasən də albuminlə birləşmə faizi 95-98% təşkil edir. Qaraciyərdə əsasən CYP3A4 izofermentinin təsiri metabolizmə uğrayır, daha az hissəsi CYP2C19 izofermentinin, ondan da az hissəsi CYP1A2 izofermentinin təsiri ilə metabolizmə uğrayır. Silostazol qaraciyərin mikrosomal fermentlərinin peroksid oksidləşməsinin induktoru deyil.

Silostazol orqanizmdən əsasən böyrəklər vasitəsilə xaric olunur (74%), qalan hissəsi bağırsaqlar vasitəsilə xaric olunur. Silostazola sidikdə dəyişilməmiş halda demək olar ki, rast gəlinmir. 2 %-dən az hissəsi böyrəklər vasitəsilə dehidrosilostazol şəklində xaric olunur. Qəbul olunmuş dozanın təxminən 30%-i böyrəklər vasitəsilə 4-trans-hidroksisilostazol şəklində xaric olunur. Preparatın qalan hissəsi müxtəlif metabolitlər şəklində hər biri 5%-dən çox olmadan xaric olunur.

Silostazolun T1/2-i 10.5 saat təşkil edir. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə sağlam pasiyentlərə nisbətən silostazolun sərbəst fraksiyası 27% yuxarı, Cmax və AUC müvafiq olaraq 29% və 39% aşağı olur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə sağlam pasiyentlərə  nisbətən  dehidrosilostazolun Cmax və AUC göstəriciləri müvafiq olaraq 41% və 47% aşağı olur. Bununla yanaşı ağır böyrək çatışmazlığı olan pasiyentlərdə sağlam pasiyentlərə  nisbətən  4-trans-hidroksilostazolun Cmax və AUC göstəriciləri müvafiq olaraq 173% və 209% yüksək olur. Orta ağırlıqlı böyrək çatışmazlığı olan şəxslərdə qan plazmasında Cmax və AUC göstəriciləri müvafiq olaraq 25% və 10% yüksəlir. Orta ağırlıqlı böyrək çatışmazlığı olan şəxslərdə sağlam şəxslərlə müqayisədə  Cmax və AUC göstəriciləri müvafiq olaraq 50% və 16% yüksəlir.

İstifadəsinə göstərişlər
Silostazol fasiləli axsaqlığın simptomatik müalicəsi üçün və digər damar patologiyalarında (ateroskleroz və tromboz) istifadə olunur.

  • Sakitlik halında ağrı və periferik toxumaların nekrozu olmayan (Fonteyn klassifikasiyasına əsasən periferik arteriyaların xəstəliyinin II mərhələsi) fasiləli axsaması olan xəstələrdə maksimal və ağrısız yerişin yaxşılaşdırılması üçün.
  • Həyat tərzini dəyişən xəstələrdə (siqaretin tərgidilməsi və fiziki reabilitasiya hərəkətlərinin icrası) fasiləli axsama simptomlarının aradan qalxmadığı hallarda ikinci sıra preparat kimi təyin olunur.

Əks göstərişləri
Preparatın təsiredici maddəsinə və ya tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

  • Ağır böyrək çatışmazlığı: kreatinin klirensi ≤ 25 ml / dəq.
  • Orta və ağır qaraciyər çatışmazlığı
  • Ürək çatışmazlığı zamanı baş verən durğunluq
  • Hamiləlik və laktasiya
  • Qanaxmaya riski olan pasiyentlər (peptik xora, yaxın 6 ay ərzində baş vermiş hemorragik insult, proliferativ diabetik retinopatiya, çətin idarə olunan hipertoniya)
  • Mədəcik taxikardiyası, mədəciklərin fibrilyasiyası və ya anamnezdə politop mədəcik ekstrasistoliyası (adekvat antiaritmik müalicə olunub-olunmamasından asılı olmayaraq)
  • EKQ-də QT intervalının uzanması
  • Anamnezdə ağır taxiaritmiya
  • Son 6 ay ərzində baş vermiş qeyri-stabil stenokardiya və ya miokard infarktı
  • Son 6 ay ərzində koronar invaziv müdaxilənin olması
  • İki və daha artıq antikoaqulyant və ya antiaqreqant preparatın eyni vaxtda qəbulu (məsələn, asetilsalisil turşusu, klopidoqrel, heparin, varfarin, asenokumarol, dabiqatran, rivaroksaban və ya apiksaban)
  • CYP3A4 və ya CYP2C19 inhibitorları ilə birlikdə qəbulu (məsələn, simetidin, diltiazem, eritromisin, ketokonazol, lansoprazol, omeprazol və QİÇS proteazalarının inhibitoru)

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Silostazolla müalicəyə başlamazdan qabaq digər müalicə metodlarını məsələn, cərrahi revaskulyarizasiya və ya konservativ terapiyanın aparılmasının mümkünlüyünü qiymətləndirmək lazımdır.

Silostazol farmakoloji təsirinə görə taxikardiya, ürəkdöyünmə, taxiaritmiya və ya arterial hipotenziyaya səbəb ola bilər. Silostazolun qəbulu zamanı ürək döyüntülərinin sayı dəqiqədə 5-7 vurğu arta bilər. Risk qrupuna daxil pasiyentlərdə (məsələn, stabil stenokardiyalı xəstələrdə) ürək döyüntülərinin sayının artması stenokardiya tutmalarına səbəb ola bilər. Belə xəstələrin vəziyyəti diqqətlə izlənilməlidir. Qulaqcıq və ya mədəcik ekstrasistoliyası, həmçinin qulaqcıqların fibrilyasiyası və əsməsi olan pasiyentlərdə silostazolun təyini zamanı ehtiyatlı olmaq lazımdır.

İstənilən növ qanaxma və ya yüngül zədələnmə nəticəsində göyərmə (dərialtı hematoma) baş verdiyi zaman dərhal həkimə məlumat verməsi haqda pasiyentə xəbərdarlıq etmək lazımdır. Gözün torlu qişasına qansızma baş verərsə  silostazolun qəbulu dayandırılmalıdır.

Silostazol trombositlərin aqreqasiyasının inhibitoru olduğundan cərrahi əməliyyatlar zamanı qanaxma riski yüksək olur (hətta kiçik cərrahi prosedurlar, məsələn, dişlərin çıxarılması zamanı). Planlaşdırılmış cərrahi əməliyyatlarda 5 gün qabaq silostazolun qəbulu dayandırılmalıdır.

Nadir hallarda hematoloji pozğunluqlara (trombositopeniya, leykopeniya, aqranulositoz, pansitopeniya və ya aplastik anemiya) səbəb olur. Adətən, bu pozğunluqlar silostazolun qəbulu dayandırıldıqdan sonra keçib gedir. Amma bir neçə hal məlumdur ki, pansitopeniya və aplastik anemiya letal nəticələrə səbə olub. Bu səbəbdən pasiyent istənilən hematoloji ağırlaşmaların ilkin əlamətləri baş verərsə, məsələn yüksək hərarət və angina dərhal bu haqda həkimə məlumat verməlidir. Hematoloji ağırlaşmaların kliniki simptomları və ya infeksiyaya şübhə yaranarsa qanın ümumi analizi götürülməlidir. Hematoloji ağırlaşmaların kliniki və ya laborator əlamətləri aşkar olunarsa, silostazolun qəbulu dərhal dayandırılmalıdır.

Silostazolun arterial təzyiqi aşağı salan preparatlarla, həmçinin qanın laxtalanmasını azaldan preparatlarla birgə təyini zamanı ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə və ya qəbul edə bilərsinizsə, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.

Xüsusilə, əgər siz adətən əzələ və/və ya oynaq ağrılarının və iltihabının müalicəsi üçün istifadə olunan bəzi dərman vasitələri və ya qanın laxtalanma qabiliyyətini azaldan dərman vasitələri qəbul edirsinizsə, bu barədə həkiminizə məlumat verməlisiniz.

Bu dərmanlara aşağıdakılar aiddir:

  • Asetilsalisil turşusu
  • Klopidoqrel
  • Antikoaqulyant dərmanlar (məs., varfarin, dabiqatran, rivaroksaban, apiksaban və ya aşağı molekullu heparinlər).

Bəzi dərmanlar birlikdə istifadə zamanı effektivliyinə mane ola bilər. Onlar Silostazolun əlavə təsirlərini gücləndirə və ya onun effektivliyini aradan qaldıra bilər. Silostazol da eyni təsiri digər dərmanlara göstərə bilər. Silostazolu qəbul etməyə başlamazdan əvvəl həkiminizə aşağıdakı dərmanları qəbul etdiyiniz barədə məlumat verin:

  • eritromisin, klaritromisin və ya rifampisin (antibiotiklər)
  • ketokonazol (göbələk infeksiyalarının müalicəsi üçün)
  • omeprazol (mədə turşuluğunu müalicə etmək üçün)
  • diltiazem (yüksək qan təzyiqini və stenokardiyanı müalicə etmək üçün)
  • sizaprid (mədə pozğunluqlarını müalicə etmək üçün)
  • lovastatin və ya simvastatin və ya atorvastatin (qanda xolesterinin yüksək səviyyəsini aşağı salmaq üçün)
  • halofantrin (malyariyanın müalicəsi üçün)
  • pimozid (psixi xəstəliklərin müalicəsi üçün)
  • çovdar mahmızının preparatları (miqrenin müalicəsi üçün, məs., erqotamin, dihidroerqotamin)
  • karbamazepin və ya fenitoin (qıcolmanın müalicəsi üçün)
  • St. John’s wort (Dazıotu – bitki mənşəli dərman)

Əgər yüksək qan təzyiqinə görə dərmanlar qəbul edirsinizsə, lütfən, Silostazolun qəbuluna başlamazdan əvvəl bunu həkiminizə bildirin, belə ki, Silostazol qan təzyiqinin əlavə olaraq aşağı düşməsinə səbəb ola bilər. Əgər Sizin qan təzyiqiniz çox aşağı düşərsə, bu, ürək döyüntülərinin artmasına səbəb ola bilər. Bu dərmanlara aşağıdakılar aiddir:

  • Diuretiklər (məs., hidroxlorotiazid, furosemid)
  • Kalsium kanallarının blokatorları (məs., verapamil, amlodipin)
  • AÇF inhibitorları (məs., kaptopril, lizinopril)
  • Angiotenzin II reseptorlarının blokatorları (məs., valsartan, kandesartan)
  • Beta-blokatorlar (məs., labetalol, karvedilol);

Hər halda əgər Silostazolla yuxarıdakı dərmanların birlikdə qəbulu lazım gələrsə, həkiminiz onlardan hansının Sizin üçün daha önəmli olduğunu müəyyən edəcəkdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Silostazol hamiləlik müddətində istifadə olunmamalıdır. Laktasiya dövründə Silostazolun istifadəsi tövsiyə edilmir.
Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa  hər hansı dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Silostazol başgicəllənməyə səbəb ola bilər. Bu səbəbdən nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmlərin idarə olunması zamanı ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası
Silostazolun tövsiyə olunan dozası 100 mq gündə 2 dəfədir. Preparat səhər və günorta yeməyindən 30 dəqiqə əvvəl qəbul olunur. Silostazolun yeməklə birlikdə qəbulu qan plazmasındakı maksimal konsentrasiyanı (Cmax) azaltmaq üçün nəzərdə tutulur ki, bu çox vaxt əlavə təsirlərin tezliyi çox olması ilə əlaqədardır.

Silostazol yalnız fasiləli axsaqlığın müalicəsi ilə məşğul olan mütəxəssis tərəfindən təyin olunmalıdır.

Həkim preparatın effektivliyini və simptomların aradan qalxıb-qalxmadığını müəyyənləşdirmək üçün 3 aydan sonra pasiyentin vəziyyətini təkrar qiymətləndirməlidir.

Silostazol qəbul edildiyi müddətdə həyat tərzində edilən dəyişikliyi davam etdirmək vacibdir (siqareti tərgitmək, fiziki hərəkətlər icra etmək). Silostazol belə prosedurları əvəz etmir.

CYP3A4 inhibitorları (məsələn, bəzi makrolidlər, göbələk əleyhinə vasitələr, proteazaların inhibitorları) və CYP2C19 inhibitorları (məsələn, omeprazol) qəbul edən şəxslərdə silostazolun gündəlik dozası 50 mq gündə 2 dəfəyə qədər azaldılmalıdır.

Yaşlılara təyini
Yaşlı şəxslərdə qəbulundə xüsusi tələblər yoxdur.

Uşaqlara təyini
Uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi haqda məlumat yoxdur

Böyrək çatışmazlığı olan şəxslərdə təyini
Kreatinin klirensi > 25 ml / dəq olan pasiyentlərdə dozanın korreksiyasına ehtiyac yoxdur.
Kreatinin klirensi ≤ 25 ml / dəq olan pasiyentlərdə istifadəsi əks göstərişdir.

Qaraciyər çatışmazlığı olan şəxslərdə təyini
Silostazol qaraciyər fermentləri tərəfindən geniş metabolizmə uğradığı üçün orta və ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi məsləhət deyil.

Əlavə təsirləri
Əlavə  təsirlərin  tezliyi  aşağıdakı  parametrlərlə  təyin  edilir:
çox  tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100);  nadir hallarda
(≥  1/10000 – < 1/1000); çox  nadir  hallarda (< 1/10000); məlum  deyil (əldə  olan  məlumatlar  görə  tezliyi  qiymətləndirmək  mümkün  deyil).

Bütün dərmanlar kimi, silostazol da əlavə təsirlər törədə bilər, baxmayaraq ki, onlar hər bir pasiyentdə meydana çıxmır. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, Sizə tibbi yardım edilməsi lazım gələ bilər. Belə hallarda Silostazolun qəbulunu dayandıraraq, dərhal həkimə və ya ən yaxında yerləşən xəstəxanaya müraciət etmək lazımdır.

  • insult
  • ürək tutması
  • təngnəfəsliyə və ya topuqlarda şişkinliyə səbəb ola biləcək ürək xəstəlikləri
  • qeyri-müntəzəm ürəkdöyünmə (yeni və ya əvvəldən mövcud olanın pisləşməsi)
  • qanaxma
  • bədən səthində göyərmə (qansızma)
  • dəridə, ağızda, gözlərdə və cinsi orqanlarda qabarla müşayiət olunan ciddi xəstəlik
  • qaraciyər və ya qan xəstəliklərin nəticəsində dərinin və gözün saralması (sarılıq)

Əgər Sizdə qızdırma və ya boğaz ağrısı olarsa bu barədə də həkiminizə məlumat verməlisiniz. Siz bəzi qan analizləri verməli ola bilərsiniz və onların əsasında həkiminiz Sizin sonrakı müalicəniz barədə qərar qəbul edəcəkdir. Silostazolla bağlı aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir. Əlavə təsir meydana çıxarsa, mümkün qədər tez həkimə müraciət etmək lazımdır:

Bununla yanaşı silostazolun orqanlar və orqanlar sistemində göstərdiyi əlavə təsirlər aşağıda qeyd olunub:

Ürək-damar sistemi orqanlarına təsiri: tez-tez-ürəkdöyünmənin artması, taxikardiya, stenokardiya, aritmiya, mədəcik ekstrasistoliyası, ortostatik hipotenziya; bəzən-miokard infarktı, qulaqcıqların fibrilyasiyası, xroniki ürək çatışmazlığı, mədəcik taxikardiyası, istilikbasma, arterial hipertenziya, arterial hipotenziya; başvermə tezliyi məlum olmayan-polimorf mədəcik taxikardiyası, QT-intervalının uzanması (ürək-damar sistemi xəstəlikləri olan pasiyentlərdə).

Tənəffüs sistemi orqanlarına təsiri: tez-tez-rinit, faringit; bəzən – təngnəfəslik (dispnoe), pnevmoniya, öskürək; başvermə tezliyi məlum olmayan – interstisial pnevmoniya;

Həzm traktı orqanlarına təsiri: çox tez-tez – diareya; tez-tez – ürəkbulanma, qusma, dispepsiya, meteorizm, qarında ağrı; bəzən – qastrit.

Qaraciyər və öd yollarına təsiri: tezliyi məlum deyil – hepatit, qaraciyər göstəricilərinin normadan kənara çıxması, sarılıq.

Psixika və sinir sisteminə təsiri: çox tez-tez – baş ağrısı; tez-tez – başgicəllənmə, yuxu pozğunluğu, narahatlıq; başvermə tezliyi məlum olmayan – parez, hiperesteziya;

Qanın laxtalanma sisteminə təsiri: tez-tez – ekximoz, gözə qansızma, burun qanaxmaları, mədə-bağırsaq qanaxmaları; bəzən- kəllədaxili qanaxma, ağciyər qanaxması, əzələdaxili hematomalar, tənəffüs yollarından qanaxma, dərialtı qansızmalar; nadir hallarda – qanaxma müddətinin artması; baş vermə tezliyi məlum olmayan – qanaxmaya meyillik.

Qanyaradıcı sistemə təsiri: bəzən – anemiya; nadir hallarda – trombositoz; başvermə tezliyi məlum olmayan – trombositopeniya, qranulositopeniya, aqranulositoz, leykopeniya, pansitopeniya, aplastik anemiya.

Görmə orqanlarına təsiri: başvermə tezliyi məlum olmayan – konyuktivit.

Eşitmə orqanlarına təsiri: başvermə tezliyi məlum olmayan – qulaqlarda küy.

Dəri və dərialtı toxumalara təsiri: tez-tez – dəri səpgiləri, dəridə qaşınma; bəzən – ekzema, Stivens-Conson sindromu, toksiki epidermal nekroliz, övrə.

İmmun sisteminə təsiri: bəzən – allergik reaksiyalar.

Maddələr mübadiləsinə təsiri: tez-tez – ödemlər (periferik ödemlər və üzdə ödemlər), anoreksiya; bəzən – hiperqlikemiya, şəkərli diabet; başvermə tezliyi məlum olmayan – sidik turşusunun qanda miqdarının artması, sidik cövhərinin qanda miqdarının artması, kreatinin qanda miqdarının artması.

Sümük – əzələ sisteminə təsiri: bəzən – mialgiya.

Sidikçıxarıcı orqanlara təsiri: nadir hallarda – böyrək çatışmazlığı, böyrəklərin funksiyasının pozulması; başvermə tezliyi məlum olmayan – hematuriya, pollakiuriya.

Ümumi reaksiyalar: tez-tez – sinədə ağrı, asteniya; bəzən – əsmə, narahatlıq; başvermə tezliyi məlum olmayan – hipertermiya, ağrı.

Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı ciddi əlavə təsirlərin baş verməsi haqda məlumatlar yoxdur. Doza həddinin aşılması zamanı rast gəlinən əlamətlər: güclü baş ağrısı, diareya, taxikardiya, aritmiya.
Doza həddinin aşılması zamanı mədənin yuyulması və ümumi saxlayıcı müalicə təyin olunmalıdır.

Buraxılış forması
56 tablet.

Saxlanma şəraiti
25ºС  temperaturdan  yüksək  olmayan, qaranlıq  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı və ünvanı:
LABORATORIOS NORMON, S.A. Ronda de Valdecarrizo, 6 – 28760 Tres Cantos – Madrid (ESPAÑA)

Məhsulun və əmtəə nişanının sahibi:
“NOVATOR PHARMA”, Böyük  Britaniya.