Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KLOBETOLİN xaricə istifadə üçün krem
CLOBETOLIN
Beynəlxalq patentləşdirilməmiş adı: Gentamycin + Betametasone
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 1 mq gentamisinə ekvivalent 1,66 mq gentamisin sulfat və 1 mq
betametazona ekvivalent 1,22 mq betametazon valerat vardır.
Köməkçi maddələr: setilstearil spirti, makroqol setostearil efiri, ağ vazelin, maye parafin, birəsaslı natrium fosfat, xlorokrezol, fosfat turşusu, təmizlənmiş su.
Təsviri
Ağ rəngli homogen, xarakterik iyli kremdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə olunmaq üçün nəzərdə tutulan qlükokortikosteroid, antibiotik – aminoqlikozid.
ATC kodu: D07CC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Betametazon güclü təsirli, iltihab əleyhinə, allergiya əleyhinə və qaşınma əleyhinə təsirlərə malik kortikosteroiddir. Gentamisin antibakterial təsirli aminoqlikozid antibiotikidir. Onun təsiri həssas mikroorqanizmlərin zülallarının sintezini tormozlamasına əsaslanır. Gentamisin bir çox aerob qrammənfi və bəzi qrammüsbət bakteriyalara təsir göstərir. In vitro gentamisin 1-8 mkq/ml konsentrasiyalarda əksər həssas Escherichia coli (bağırsaq çöpləri), Haemophilus influenzae (hemofil çöpləri), Moraxella lacunata (Моraks-Aksenfeld çöpləri), Neisseria (neisseria), indolmüsbət və indolmənfi protey, Pseudomonas (psevdomonad) (o cümlədən Pseudomonas aeruginosa-nın (göy-yaşıl irin çöpləri) bir çox ştammlarının), Staphylococcus aureus (qızılı stafilokokk), Staphylococcus epidermidis (epidermal stafilokokk) və Serratia (serratiya) ştammlarının inkişafını tormozlayır. Eyni növlərin müxtəlif növləri və müxtəlif ştammları in vitro şəraitdə çox fərqli həssaslıq göstərə bilər. Bundan başqa, in vitro həssaslıq hər zaman in vivo həssaslıq ilə uyğunlaşmır. Gentamisin əksər anaerob bakteriyalara, göbələklərə və viruslara qarşı effektiv deyil. Gentamisin streptokokklara yalnız minimal təsir göstərir. Gentamisinə qarşı rezistentlik həm qrammənfi, həm də qrammüsbət bakteriyalarda inkişaf edə bilir.
Farmakokinetikası
Preparatın müalicəvi dozalarda dəri səthinə istifadəsi zamanı təsiredici maddənin qana transdermal sorulması çox əhəmiyyətsiz dərəcədədir. Dəriyə applikasiya zamanı betametazonun sorulmasının intensivliyi epidermal baryerin vəziyyətindən asılıdır (iltihab və dəri xəstəlikləri sorulmanı artırır). Okklüzion sarğıların istifadəsi betametazonun və gentamisinin transdermal sorulmasını yüksəldir ki, bu da sistem əlavə təsirlərin inkişaf riskinin yüksəlməsinə gətirib çıxara bilər.
İstifadəsinə göstərişlər
Sadə və allergik dermatitlər (xüsusilə ikincili infeksiya ilə fəsadlaşmış) və ya ikincili yoluxmuş iltihabi dermatozun yerli müalicəsi və ya infeksiya riski olduqda:
Ekzemanın müalicəsi (atopik, infantil, nummular, dairəvi formalı dəri zədələnmələri ilə xarakterizə olunur)
Anogenital və qocalıq qaşınmasının müalicəsi
Kontakt dermatit, seboreyalı dermatit (piy ifrazının artması ilə xarakterizə olunan dəri iltihabı), neyrodermatit (atopik dermatit), intertriqo (dərinin sürtünməsi nəticəsində yaranan iltihab), günəş eriteması, eksfoliativ dermatit (dəri soyulması ilə dəri iltihabı), dermatit, staz dermatiti (genişlənmiş ayaq damarlarında qanın durğunluğu səbəbindən dərinin iltihabı) və psoriaz (xroniki dəri iltihabı).
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilisin dəri təzahürləri, suçiçəyi, sadə herpes, postvaksinal dəri reaksiyaları, açıq yaralar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
KLOBETOLIN istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçıya məlumat verin.
Məhsulun istifadəsi ilə bağlı qıcıqlanma və ya sensibilizasiya halında müalicə dayandırılmalı və müvafiq terapiya aparılmalıdır. Sistem kortikosteroidlər üçün təsvir edilən arzuolunmaz təsirlərin hər biri, o cümlədən hipoadrenalizm (böyrəküstü vəzilərin funksiyasının azalması), xüsusilə uşaq xəstələrdə yerli (yerli) kortikosteroidlərlə də baş verir. Yerli kortikosteroidlərin sistem sorulması (dəri, limfa və venoz damarlar vasitəsilə ümumi absorbsiya) dərinin geniş səthlərinin müalicəsi və ya okklyuziv dərmanların istifadəsi ilə artır. Bu hallarda və ya uzun müddətli müalicə gözlənildikdə, xüsusilə uşaq xəstələrdə müvafiq ehtiyat tədbirləri tələb olunur.
Bəzən yerli antibiotiklərin istifadəsinə həssas olmayan orqanizmlərin çoxalmasına imkan verir. Bu halda və ya qıcıqlanma, sensibilizasiya və ya superinfeksiya baş verərsə, gentamisinlə müalicə dayandırılmalı və xüsusi terapiya təyin edilməlidir.
Məhsulu “göz bölgəsində” istifadə etmək olmaz. Bulanıq görmə və ya digər görmə pozğunluqları hiss edirsinizsə, həkiminizlə əlaqə saxlayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hər hansı digər dərman qəbul edirsinizsə, bu yaxınlarda qəbul etmisinizsə və ya qəbul edə bilərsinizsə, həkiminizə və ya əczaçınıza bildirin. Digər dərmanlarla qarşılıqlı təsiri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsinizsə və ya ana südü ilə qidalandırırsınızsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu preparatı istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin.
Hamilə qadınlarda yerli kortikosteroidlərin təhlükəsizliyi müəyyən edilməmişdir; buna görə də, əgər siz hamiləsinizsə, bu preparatı yalnız faktiki ehtiyac olduqda və birbaşa həkim nəzarəti altında istifadə edin.
Əgər hamiləsinizsə, bu preparatı yüksək dozada və uzun müddət istifadə etməyin.
Əgər ana südü ilə qidalandırırsınızsa, həkiminiz vəziyyətinizdən asılı olaraq ana südü ilə qidalandırmağı dayandırmağın və ya terapiyanızı dayandırmağın daha yaxşı olub-olmaması barədə qərar verəcək.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə təsiri yoxdur.
İstifadə qaydası və dozası
Bu preparatı həmişə həkiminizin və ya əczaçının məsləhət etdiyi kimi istifadə edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.
Krem gündə 2-3 dəfə problemli bölgəyə az miqdarda çəkilməlidir.
Okklyuziv sarğı daha davamlı psoriatik zədələnmələrin və yoluxmuş dərin dermatozların müalicəsi üçün aşağıda göstərildiyi kimi istifadə edilə bilər.
Okklyuziv sarğı texnikası
1. Tənzif sarğısı altında zədələnmiş yerin bütün səthinə qalın bir krem qatını çəkin və müalicə olunan sahənin kənarlarından çıxacaq ölçüdə şəffaf, suya davamlı və plastik material ilə örtün;
2. Sağlam dəri üzərində kənarları plastr və ya digər vasitələrlə yapışdırın;
3. Sarğı 1-3 gün ərzində qalmalıdır və lazım olduqda proseduru 3-4 dəfə təkrarlayın. Bu üsulla bir neçə gün ərzində müvafiq yaxşılaşma müşahidə olunur. Bununla belə, hər hansı bir yaxşılaşma hiss etməsəniz, sarğını çıxarın.
Əlavə təsirləri
Müalicənin başlanğıcında dəridə nadir hallarda qıcıqlanma, yandırma, dəri qaşınması, quruluq, preparatın hər hansı inqrediyentlərindən birinə qarşı yüksək həssaslıq reaksiyası və dəri rənginin dəyişməsi ola bilər. Geniş sahələrdə, okklüzion sarğı altına və/və ya daha uzunmüddətli istifadəsi zamanı iri sahələrdə dəridə yerli dəyişikliklər ola bilər. Kremin iri sahələrə çəkilməsi zamanı sistem təsir ehtimalı mövcuddur (böyrəküstü vəzin qabıq maddəsinin funksiyasının tormozlanması). Nəzərə almaq lazımdır ki, infeksiyalara qarşı zəifləmiş yerli müqavimətə görə ikincili infeksiyaların yaranmasının yüksək riski mövcuddur. Dəridə atrofiyalar (xüsusən üzdə) kimi dərinin yerli dəyişiklikləri, teleangiektaziyalar, striyalar, dərinin zolaqvari atrofiyası, dəri hemorragiyaları, purpura, steroid akne, rozaseyayabənzər və ya perioral dermatit, hipertrixoz kimi dərinin yerli dəyişiklikləri, həmçinin dərinin rənginin dəyişməsi baş verə bilər. Dərinin rənginin dəyişməsinin geriyədönən olması məlum deyil. Bəzən: gentamisinə qarşı kontakt həssaslıq. Sadalanan əlavə təsirlər, həmçinin istifadə üzrə təlimatda göstərilməyən reaksiyalar meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Yerli kortikosteroidlərin uzunmüddətli və ya həddən artıq istifadəsi zamanı ikincili adrenal çatışmazlığın inkişaf etməsi və hiperkortisizm simptomlarının, o cümlədən Kuşinq sindromunun yaranması ilə hipofizar-adrenal funksiyanın tormozlanması mümkündür.
Bu simptomlar tədricən, aparılmalı olan müalicənin dayandırılmasından sonra yox ola bilər.
KLOBETOLIN-in təsadüfən udulması halında, həkiminizlə əlaqə saxlayın və ya dərhal ən yaxın xəstəxananın təcili yardım otağına müraciət edin. Bu şəkildə həkim simptomlarınızı müalicə etmək üçün terapiyanın tələb olunduğunu qiymətləndirə bilər.
Buraxılış forması
30 q krem. 1 tub karton qutuda içliklə birlikdə qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Preparatı karton qutuda göstərilən istifadə müddəti bitdikdən sonra istifadə etməyin. İstifadə müddəti həmin ayın son gününə aiddir. Bu tarix məhsulun açılmamış və təlimatlara uyğun saxlandığı zamana aiddir.
Heç bir dərman vasiəsini tullantı suları və ya məişət tullantıları vasitəsilə atmayın. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçınızdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edəcək.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
IDI FARMACEUTICI srl, Italy.
Via dei Castelli Romani, 83/85-00071 Pomezia (RM).
Qeydiyyat vəsiqəsinin sahibi
Novator Farma LLP, United Kingdom.
Office 307, Regico Offices the Old Bank 153 the Parade high street Watford, United Kingdom.