Novapram

NOVAPRAM 20 mq örtüklü tabletlər
NOVAPRAM

Beynəlxalq patentləşdirilməmiş adı: Escitalopram 

Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 20 mq təmiz essitaloprama ekvivalent essitalopram oksalat vardır.
Köməkçi maddələr:    mikrokristallik sellüloza, kolloidal silisium dioksid, natrium kroskarmelloza, hipromelloza, maqnezium stearat, titan dioksid (E-171), makroqol 6000, talk.

Təsviri
Ağ və ya ağımtıl rəngli, dairəvi formalı, iki tərəfi qabarıq, bir tərəfi bölüklü, diğər tərəfində isə yazılı örtüklü tabletlətlər.

Farmakoterapevtik qrupu
Antidepressantlar, serotoninin geriyə tutulmasının  selektiv inhibitori (SGTSİ).

ATC kodu: N06AB10.

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Essitalopram serotoninin (5-HT) geriyə tutulmasının selektiv inhibitorudur. Essitalopramın, serotonin 5-HT1A, 5-HT2, dopamin (DA) D1 və D2, α1, α2-, β-adrenoseptorları, histamin H1, muskarin xolinergik, benzodiazepin və opioid reseptorları daxil olmaqla, bir sıra reseptorlarla birləşmə qabiliyyəti zəifdir və ya heç yoxdur.

Böyük depressiv epizodlar
İkiqat kor, plasebo kontrollu-qısamüddətli (8 həftəlik) dörd tədqiqatda essitalopramın böyük depres-siv epizodların müalicəsində effektiv olduğu aşkarlanmışdır.

Sosial fobiya
Sosial fobiyası olan xəstələrdə aparılan üç, qısamüddətli (12 həftəlik) tədqiqatda və müalicəyə cavab verən xəstələrdə, 6 aylıq xəstəliyin residivinin qarşısını almaq üçün aparılan tədqiqatların hər ikisində essitalopram yüksək effekt göstərmişdir. 24 həftəlik doza araşdırması tədqiqatında 5, 10 və 20 mq essitalopramın effektivliyi sübut edilmişdir.

Obsessiv-kompulsiv pozğunluq
10 və ya 20 mq/gün dozada essitalopram qəbul edərək, 16 həftəlik açıq tədqiqatda və 24 həftəlik ikiqat kor, plasebo kontrollu tədqiqata cəlb edilmiş xəstələrdə, essitalopramın, xəstəliyin residivləşməsinin qarşısını aldığı sübut edilmişdir.

Farmakokinetikası
Absorbsiyası
Essitalopramın per oral qəbulda biomənimsənilməsi demək olar tam olur (80%) və qida qəbulu ilə əlaqəli deyildir. Qəbul olunan dozadan 4 saat sonra plazmada maksimum konsentrasiya (Tmax) səviyyəsinə çatır.

Paylanması
Peroral qəbulundan sonra paylanma həcmi (Vd, β/F) təqribən 12-26 l/kq- dır. Essitalopram və onun metabolitlərinin plazma proteinləri ilə birləşməsi 80%-dir.

Biotransformasiyası
Qaraciyərdə demetilləşmiş və didemetilləşmiş metabolitlərə qədər metabolizə olunur. Hər iki metabolit də farmakoloji baxımdan fəaldır. Həm dərman maddəsinin özü, həm də metabolitlərin bir qismi qlukoronidlər şəklində ekskresiya edilir. Təkrar qəbuldan sonra demetil və didemetil metabolitlərinin orta konsentrasiyası, müvafiq olaraq, essitalopramın konsentrasiyasının 28-31% və 5%-ə qədərini təşkil edir. Essitalopramın demetilləşmiş metabolitlərə biotransformasiyası, əsasən, CYP2C19 vasitəsilə baş verir. CYP3A4 və CYP2D6 fermentlərinin qismən iştirakı mümkündür.

Eliminasiyası
Çoxsaylı dozalanmadan sonra yarımxaricolma dövrü (T1/2) təxminən 30 saat olub, oral plazma klirensi (Cloral) təxminən 0,6 l/dəq. təşkil edir. Əsas metabolitlərinin yarımparçalanma dövrü əhəmiyyətli dərəcədə uzundur. Essitalopram ilə metabolitlərinin eliminasiyası qaraciyər və böyrək vasitəsilə baş verir, qəbul olunan dozanın böyük bir qismi metabolitlər şəklində sidiklə xaric olunur.

Xəttilik/ Qeyri-xəttilik
Farmakokinetikası xəttidir. Plazmada sabit konsentrasiya səviyyəsinə təxminən 1 həftəya çatır. Orta sabit konsentrasiyası 50 nmol/l (20-125 nmol/l arasında), gündəlik 10 mq dozada qəbul zamanı əldə edilir.

Xüsusi qrupa daxil pasiyentlər
Yaşlılar (>65 yaş): Essitalopram yaşlı xəstələrdə cavanlara nisbətən daha gec eliminasiya edilir. AUC göstəricisi yaşlılarda, cavan, sağlam könüllülərlə müqayisədə 50% yüksəkdir.

Qaraciyər çatışmazlığı: Yüngül və orta ağırlıqlı qaraciyər çatışmazlığı olan xəstələrdə (Child-Pugh təsnifatına görə A və B), normal qaraciyər funksiyasına malik şəxslərlə müqayisədə essitalopramın yarımparçalanması iki dəfə uzanmış və orta təsir göstəricisi 60% yüksək olmuşdur.

Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı olan xəstələrdə (kreatin klirensi 10-53 ml/dəq) rasemik sitalopramın yarımparçalanma müddətinin uzandığı, orta təsir müddətinin isə az artdığı müşahidə edilmişdir. Metabolitlərin plazma konsentrasiyası öyrənilməmişdir, lakin, yüksəlməsi mümkündür.

Polimorfizm
CYP2C19 fermenti zəif olan xəstələrdə essitalopramın plazma konsentrasiyası bu ferment aktiv olan şəxslərlə müqayisədə 2 dəfə çox ola bilər. CYP2D6 fermenti zəif olan şəxslərdə preparatın konsentrasiyasında mühüm dəyişiklik müşahidə edilməmişdir.

İstifadəsinə göstərişləri

  • Böyük depressiv hallar
  • Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqlar
  • Sosial fobiyalar
  • Generalizəolunmuş həyəcan pozğunluqları
  • Obsessiv-kompulsiv pozğunluqlar.

Əks göstərişləri
Essitaloprama və ya köməkçi maddələrdən hər hansı birinə qarşı həssaslıq olan xəstələr üçün əks göstərişdir.Qeyri-selektiv, geri dönməyən monoaminoksidaza inhibitorları (MAO-inhibitorları) ilə birgə istifadəsi, oyanıqlıq halı, tremor və hipertermiya ilə müşahidə edilən serotonin sindromunun baş verməsi ilə əlaqədar əks göstərişdir.Geri dönən MAO-inhibitorları (məs. moklobemid) və ya qeyri-selektiv geri dönən MAO-inhibitoru linezolidlə birgə istifadəsi serotonin sindromu ilə əlaqədar əks göstərişdir.Anamnezində QT intervalının uzanması və QT-intervalının anadangəlmə uzanması sindromu olan xəstələrə essitalopramın təyini əks göstərişdir.QT intervalını uzadan  dərmanlarla essitalopramın birgə istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Novapramın uşaqlarda və yaşı 18-dən aşağı olan yeniyetmələrin müalicəsində istifadəsi əks göstərişdir. Klinik sınaqlar zamanı antidepressant müalicəsi alan uşaq və yeniyetmələrdə plasebo ilə müqayisədə daha tez-tez intihara meylli davranışlar (intihara cəhd və intihar fikirləri) və düşmənçilik (əsasən, aqressiya, ziddiyətli davranış və qəzəb) müşahidə edilmişdir. Buna baxmayaraq, klinik ehtiyacdan asılı olaraq müalicə qərarı verilə bilər. Lakin, bu müddətdə xəstənin intihara meyl simptomlarının meydana çıxmasına ciddi nəzarət edilməlidir. Uşaqların və yeniyetmələrin böyüməsi, yetişkənliyi, təfəkkür və davranışlarının inkişafı üçün uzunmüddətli təhlükəsizliyi haqda məlumat yoxdur.

Paradoksal həyəcan
Panik pozğunluğu olan bəzi xəstələr antidepressantlarla müalicənin əvvəlində yüksələn həyəcan simptomları göstərə bilərlər. Bu paradoksal reaksiya əsasən müalicəyə başlayandan 2 həftə ərzində aradan qalxır. Arzuolunmayan paradoksal həyəcan təsirləri azaltmaq üçün minimal başlanğıc doza tövsiyə edilir.

Epilepsiya tutmaları
Əgər dərmanın qəbulundan sonra xəstədə ilk dəfə qıcolma tutması baş verirsə və ya tutmaların sayı artırsa (əvvəlcədən epilepsiyası olan xəstələrdə), qəbul dayandırılmalıdır. Sabit olmayan epilepsiyalı xəstələrdə SGTSİ verilməməlidir və kontrol olunan epilepsiyalı xəstələrdə isə diqqətlə nəzarət edilməlidir.

Maniyalar
Keçmişdə maniyası/hipomaniyası olan xəstələrdə SGTSİ preparatları diqqətlə istifadə edilməlidir. Xəstə manik fazaya girsə SGTSİ qəbulu dayandırılmalıdır.

Diabet
Diabetli xəstələrdə SGTSİ müalicəsi qlikemik kontrol göstəricilərini dəyişdirə bilər (hipo və ya hiperqlikemiya). İnsulin və ya oral hipoqlikemik preparatlarının dozasının korreksiyasına ehtiyac ola bilər.

İntihar/İntihara meylli düşüncələr və ya klinik pisləşmə
Depressiya intihara meylli düşüncələr və intihar riskinin artmasına səbəb olur. Klinik əhəmiyyətli remissiya baş verənə qədər risk mövcuddur. Yaxşılaşma müalicənin ilk bir neçə həftəsində baş verməyə bilər, buna görə, xəstə yaxşılaşma baş verənə qədər yaxından izlənilməlidir. Yaxşılaşmanın ilk mərhələlərində intihar riskinin arta bildiyi geniş şəkildə klinik müşahidə edilmişdir. Essitalopramın təyin edildiyi digər psixiatrik hallarda da həmçinin, intihara meyl riskinin artması izlənilə bilər. Bu hallar eyni zamanda, əsas depressiv pozğunluqlarla birgə baş verə bilər. Əsas depressiv pozğunluqları və digər psixiatrik pozğunluqları olan xəstələrin müalicəsi zamanı eyni ehtiyat tədbirləri görülməlidir. Anamnezində intihara meyl halları olan xəstələrdə intihar riski daha çox olduğu üçün, belə xəstələr müalicə zamanı yaxından izlənilməlidir. Psixiatrik pozğunluqlu xəstələrdə antidepressant dərmanların plasebo kontrollu klinik tədqiqatlarının analizi göstərdi ki, yaşı 25-dən az olan, antidepressant qəbul edən xəstələrdə intihara meyl davranışları riski plasebo ilə müqayisədə artır. Xəstələrə yaxından nəzarət göstərdi ki, intihar riskinin artması müalicənin başlanğıcında və dozanın dəyişdirilməsi zamanı müşahidə edilir. Xəstənin vəziyyətində hər hansı kliniki pisləşmə, intihara meylli davranış və ya düşüncə, davranışlarda qeyri-adi dəyişiklik müşahidə edilərsə, həkimə müraciət etmələri haqqında məlumatlandırılmalıdırlar.

Akatiziya/psixomotor oyanıqlıq
SGTSİ/NGTSİ (noradrenalin geriyə tutulmasının selektiv inhibitorları) istifadəsi, narahatlıq, bir yerdə otura və dura bilməmək, tez-tez hərəkət etmək ehtiyacı ilə xarakterizə edilən akatiziya ilə müşahidə edilir. Bu, adətən, müalicənin ilk bir neçə həftəsində baş verir. Belə simptomlar müşahidə edilən xəstələrdə dozanın artırılması patologiyanı dərinləşdirə bilər.

Hiponatriemiya
Antidiuretik hormon (ADH) sekresiyasının pozulması ilə əlaqədar SGTSİ istifadəsi zamanı hiponatriemiya müşahidə olunur. Risk qrupuna aid olan yaşlı xəstələr, sirrozu olan xəstələr və ya hiponatremiyaya səbəb olan dərman preparatları qəbul edən xəstələrdə diqqətlə istifadə edilməlidir.

Hemorragiya
SGTSİ ilə müalicədə ekximoz və purpura kimi səthi qansızmalar müşahidə olunmuşdur. Xüsusən də oral antikoaqulyantlar və trombositlərin funksiyasına təsir göstərən bəzi preparatlar ilə (məsələn, atipik neyroleptiklər, trisiklik antidepressantların əksəriyyəti, asetilsalisil turşusu və qeyri steroid iltihab əleyhinə preparatlar) bərabər SGTSİ istifadə edən və qanaxmaya meyilli olan xəstələr tərəfindən istifadəsi diqqətlə aparılmalıdır.

Elektrokonvulsiv terapiya (EKT)
SGTSİ ilə EKT-nın birgə tətbiqinə dair kliniki təcrübə məhdud olduğundan ehtiyatla istifadə olunması tövsiyə edilir.

Serotonin sindromu
Sumatriptan və ya digər triptanlar, tramadol və triptofan kimi serotoninergik təsirli dərmanlarla birlikdə essitalopramın istifadəsi zamanı diqqətli olmaq lazımdır. SGTSİ ilə birlikdə serotoninergik dərman istifadə edən xəstələrdə serotonin sindromu nadir hallarda bildirilmişdir. Agitasiya, tremor, mioklonus və hipertermiya kimi əlamətlər kombinasiyası bu halın əmələ gəldiyinə işarə edə bilər. Belə hallarda SGTSİ və serotoninergik dərman preparatları dərhal kəsilməli və simptomatik müalicə başlanılmalıdır.

Dazıotu (Hypericum perforatum)
Tərkibində dazıotu (Hypericum perforatum) olan bitki mənşəli preparatlar ilə SGTSİ-nın istifadəsi əlavə reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər.
SGTSİ seksual disfunksiyaya səbəb ola bilər.

Ürəyin işemik xəstəliyi
Məhdud kliniki təcrübə olduğuna görə ürəyin işemik xəstəliyi olan xəstələrdə istifadəsi zamanı diqqətli olmaq tələb olunur. Essitalopram, “torsade de pointes”in inkişafına risk, ürək çatışmazlığı, təzəlikcə keçirilmiş miokard infarktı, bradiaritmiya, hipokalemiya və ya hipomaqnemiyaya səbəb olan hər hansı xəstəliyi olan və ya buna səbəb olan dərmanlar qəbul edən xəstələrdə ehtiyatla istifadə edilməlidir. Essitalopram dozadan asılı olaraq QT intervalının uzanmasına səbəb olur.
SGTSİ midriaza səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əks göstərişli kombinasiyalar
Qeyri-selektiv MAO inhibitorları (QSMİ)
QSMİ preparatları ilə birlikdə SGTSİ istifadə edən xəstələrdə və SGTSİ ilə müalicəni dayandırdıqdan sonra MAOİ müalicəsinə başlanan xəstələrdə ciddi reaksiyalarla üzləşdiyi bildirilmişdir. Bəzi xəstələrdə serotonin sindromu əmələ gəlmişdir.Essitalopram qeyri-selektiv MAO inhibitorları ilə bərabər istifadəsi \ks göstərişdir. Essitalopram geri dönməyən MAO inhibitorları ilə müalicəsi kəsildikdən ən az 14 gün sonra və ya moklobemid kimi geri dönən MAO inhibitorları ilə müalicə kəsildikdən ən azı 1 gün sonra istifadə edilməlidir. Qeyri-selektiv MAO inhibitoru ilə müalicə başlamazdan ən az 7 gün əvvəl essitalopram müalicəsi dayandırılmalıdır.

Geri dönən selektiv MAO-A inhibotoru (moklobemid)
Serotonin sindromu riskinə görə essitalopramın bir MAO-A inhibitoru ilə birlikdə istifadəsi əks göstərişdir. Əgər bu kombinasiya lazımdırsa müalicə tövsiyə edilən kiçik doza ilə başlamalı və kliniki nəzarət gücləndirilməlidir.

Geri dönən, qeyri-selektiv MAO-inhibitoru (linezolid)
Linezolid antibiotiki geri dönən, qeyri-selektiv MAO-inhibitordur və essitalopramla müalicə alan xəstələrə təyin edilməməlidir. Əgər birgə təyinləri vacibdirsə, minimum dozada və klinik nəzarət altında verilməlidir.

Geri dönməyən , selektiv MAO-B inhibitoru(Selegilin)
Serotonin sindromu əmələ gəldiyi üçün selegilin (geri dönməyən MAO-B inhibitoru) ilə birgə istifadəsi zamanı diqqətli olmaq tələb olunur.

Serotoninergik preparatlar
Serotoninergik dərmanlarla (məsələn tramadol, sumatriptan və digər triptanlar) birlikdə istifadəsi serotonin sindromuna səbəb ola bilər.

Qıcolmaya hazırlıq həddini azaldan dərmanlar
SGTSİ-lər qıcolmaya hazırlıq həddini azalda bilər. Tutma həddini azalda bilən dərmanlarla (mefloxin (malyariyanın müalicəsində istifadə olunur), bupropion (depressiyaların müalicəsində istifadə olunur), tramadol (güclü ağrıkəsicidir), neyroleptiklər) birgə istifadə edildiyində diqqətli olmaq lazımdır.

Litium, triptofan
SGTSİ-ləri litium və yaxud triptofan ilə birgə istifadəsində təsirlərin artdığı haqqında məlumatlar mövcuddur. Bu səbəbdən istifadə edildiyində diqqətli olmaq lazımdır.

Bitki mənşəli preparatlar (Hypericum perforatum)
SGTSİ-ları tərkibində dazıotu olan preparatlarla birlikdə istifadəsi əlavə təsirlərin əmələ gəlməsinə səbəb ola bilər.

Peroral antikoaqulyantlar və qeyri-steroid iltihabəleyhinə peparatlar (QSİƏP)
Essitalopram ilə oral antikoaqulyantlar (varfarin, dipiradamol və fenprokumon) birgə istifadə edildikdə antikoaqulyantın təsirində dəyişiklik müşahidə oluna bilər. Oral antikoaqulyant istifadə edən xəstələrdə essitalopram ilə müalicə başlandığında və kəsildiyində bu xəstələrin laxtalanma funksiyaları diqqətlə izlənilməlidir.

QSİƏP-lə eyni vaxtda qəbulu qanaxmaya meylliyi artıra bilər.
Hipokaliemiya/hipomaqneziemiyaya səbəb olan preparatlarla ehtiyatla istifadə etmək lazımdır.

QT intervalını uzadan preparatlar
Essitalopramın QT intervalını uzadan digər preparatlar ilə farmakokinetik və farmakodinamik tədqiqatlar aparılmamışdır. Essitalopram və bu preparatların əlavə təsirləri istisna olunmur. Bu səbəbdən essitalopramın İA və III sinfindən olan antiaritmik vasitələr, antipsixotik vasitələr (məs., fentiazin törəmələri, pimozid, haloperidol), tsiklik antidepressantlar, bəzi antimikrob vasitələr (məs., sparfloksasin, moksifloksasin, eritromisin İV, pentamidin, anti-malyariya vasitələri, xüsusilə halofantrin), bəzi antihistamin vasitələri (astemizol, mizolastin) kimi QT intervalını uzadan preparatlarla birgə istifadəsi əks göstərişdir.

Başqa dərmanların essitalopramın farmakokinetikasına təsiri
Essitalopramın metabolizmi əsasən CYP2C19 ilə aparılır. CYP3A4 və CYP2A6 da meta­bo­lizm­də iştirak edir. Əsas metabolit olan dimetiləşmiş essitalopramın (S-DST) metabolizmi isə qismən CYP2D6 tərəfindən katalizə edildiyi düşünülür.

CYP2C19 inhibə edən dərmanlarla birgə istifadəsi essitalopramın plazma konsentrasiyasının artması ilə nəticələnir. Bu tip dərmanlarla (məsələn omeprazol) birlikdə istifadəsi essitalopramın dozasının azaldılmasına gətirə bilər.

Essitalopramın simetidin ilə birlikdə istifadəsi plazma konsentrasiyasının artmasına səbəb olur (70 %-ə qədər artım). Bu səbəbə görə yüksək dozada simetidin ilə birlikdə istifadə edildiyi zaman essitalopramın yuxarı doza sərhədlərində ehtiyatlı olmaq tələb olunur.

Essitalopramın digər dərmanların farmakokinetikasına təsiri
Essitalopram CYP2D6 fermentinin inhibitorudur. Ümumiyyətlə bu ferment tərəfindən metabolizə edilən və dar terapevtik indeksə malik digər dərmanlarla (məsələn flekainid, propafenon və ürək çatışmazlığında istifadə edildikdə metoprolol) və ya daha çox CYP2D6 tərəfindən metabolizmə uğrayan mərkəzi sinir sisteminə təsir edən dərmanlar (məsələn desipramin, klomipramin, nortriptilin kimi antidepressantlar və ya risperidon, tioridazim, haloperidol kimi antipsixotik preparatlar) ilə birlikdə istifadə olunduqda diqqətli olmaq lazımdır. Yenidən xüsusi doza təyin edilməlidir. Desipramin və ya metoprolol ilə birlikdə istifadəsi CYP2D6 substratının plazma səviyyəsini iki qat artırır.Aparılan in vitro tədqiqatlar göstərir ki, essitalopram CYP2C19 fermentini zəif ihibə edir. Essitalopram CYP2C19 metabolizmə uğrayan dərmanlarla birlikdə ehtiyatla istifadə olunmalıdır.

Spirtli içkilər
Essitalopram ilə spirtli içkilər arasında farmakodinamik və ya farmakokinetik təsirlər olması gözlənilmir. Lakin digər psixotrop dərmanlar kimi essitalopramın da spirtli içkilər ilə birlikdə istifadəsi tövsiyə olunmur.

DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ REAKSİYALAR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN! 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Novapram hamiləlik zamanı istifadə edilməməlidir, yalnız fayda/risk hallarını diqqətlə incələdikdən sonra hamilələrdə istifadə edilə bilər. Əgər hamilə qadın Essitalopramı hamiləliyin son mərhələlərinə qədər, xüsusən, 3-cü trimestrində istifadə edirsə, yenidoğulmuş körpə yaxından izlənməlidir. Hamiləlik zamanı müalicəni qəfildən dayandırmaq olmaz. Əgər hamilə qadın hamiləliyin 3-cü trimestrində SGTSİ  qəbul edirsə, yenidoğulmuşda bu simptomlar baş verə bilər: tənəffüs çatışmamazlığı, sianoz, təngnəfəslik, qıcolma tutmaları, temperaturun qeyri-sabitliyi, qidalanma çətinliyi, qusma, hipoqlikemiya, hipertoniya, hipotoniya, hiperrefleksiya, tremor, əsəbilik, qıcıqlanma, süstlük, durmadan ağlamaq, yuxululuq və yuxusuzluq. Bu simptomlar, həm serotoninergik effekt, həm də “kəsilmə sindromu” ilə əlaqədar meydana çıxa bilər. Çox vaxt belə simptomlar doğuşdan sonra dərhal və ya qısa müddət sonra (<24 saat) başlayır. Epidemioloji tədqiqatlara əsasən güman edilir ki, SGTSİ-ların hamiləlik dövründə, xüsusən də, hamiləliyin son dövrlərində qəbulu körpədə persistəedici ağciyər hipertenziyasının yaranması riskinin artmasına səbəb olur.

Essitalopramın ana südünə keçdiyinə dair məlumat var. Laktasiya dövründə essitalopram tətbiq edilməməli və ya ana südü ilə qidalandırma dayandırılmalıdır.

Essitalopramın reproduktiv toksiklik tədqiqatları heyvanlar üzərində aparılmış və bu zaman, spermanın keyfiyyətinin azalması müşahidə edilmişdir. Teoretik olaraq bu fertilliyin azalmasına səbəb ola bilər, amma praktik olaraq insanlarda istifadəsi fertilliyin azalmasına səbəb olmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Essitalopram intellektellektə və psixomotor reaksiyalara təsir göstərmir. Buna baxmayaraq, psixotrop preparatlar qəbul edən xəstələrin düşüncə və ya hərəki qabiliyyətinin pozulması müşahidə oluna bilər. Bu səbəbdən xəstələr nəqliyyat vasitələrinin və təhlükəli mexanizmlərin idarəetmə qabiliyyətində potensial riskin olunması haqqında xəbərdar edilməlidirlər.

İstifadə qaydası və dozası
Doza: 20 mq-dan artıq gündəlik dozalanmanın təhlükəsizliyi sübut edilməmişdir.

Böyük depressiv halların müalicəsi
Gündə 1 dəfə 10 mq olaraq qəbul edilir. Fərdi xəstə reaksiyasına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər. Antidepressant təsirin meydana çıxması üçün ümumiyyətlə 2-4 həftə tələb olunur. Alınacaq cavabın sabitləşməsi üçün ən az 6 aylıq müalicə müddəti lazımdır.

Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqların müalicəsi
Gündəlik 10 mq-lıq dozaya keçmədən əvvəl ilk həftə gündə 5 mq-lıq başlanğıc doza tətbiq edilməlidir. Daha sonra doza xəstənin verdiyi fərdi cavaba müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər. Maksimum təsir təxminən 3 ay sonra müşahidə olunur. Müalicə bir neçə ay davam etməlidir.

Sosial-həyəcan pozğunluğu
Gündə 1 dəfə 10 mq olaraq qəbul edilir. Adətən, simptomların yüngülləşməsi üçün 2-4 həftə keçməlidir. Xəstənin müalicəyə cavabından asılı olaraq, sonradan doza 5 mq-a qədər azaldıla və gündəlik maksimum 20 mq-a qədər artırıla bilər.Sosial-həyəcan pozğunluğu xronikləşməyə meylli bir xəstəlikdir və 12 həftə ərzində müalicənin aparılması tövsiyə edilir.

Generalizə olunmuş həyəcan pozğunluğ
Gündə 1 dəfə 10 mq olaraq qəbul edilir. Fərdi xəstə cavabına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər. Gündəlik 20 mq qəbul edən xəstələrdə uzunmüddətli müalicə 6 ay müddətinə tədqiq edilmişdir. Müəyyən vaxt intervallarında preparatın dozası və müalicənin effektivliyi qiymətləndirilməlidir.

Obsessiv-kompulsiv pozğunluqlar
Başlanğıc doza 10 mq gündə 1 dəfə. Fərdi xəstə cavabına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər. Obsessiv-kompulsiv pozğunluq xroniki xəstəlikdir və xəstəliyin effektiv müalicəsi və əlamətlərin aradan qaldırılması üçün uzun müddətli müalicə tətbiq edilməlidir. Müəyyən vaxt intervallarında preparatın dozası və müalicənin effektivliyi qiymətləndirilməlidir.

Təyinat metodu
Peroral istifadə üçün. Novapram gündəlik, birdəfəlik dozada təyin edilir, qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Tabletlər bir qədər su ilə, çeynəmədən qəbul edilir.

Xüsusi qrup əhali
Yaşlı xəstələr (65 yaşdan yuxarı)
Yaşlılarda gündəlik maksimum doza 10 mq-dır. Başlanğıc müalicədə 5 mq və sonradan isə maksimal dozadan az doza tətbiq edilməlidir.

Uşaqlar və yeniyetmələr (18 yaşdan aşağı xəstələr)
Bu yaş qrupunda təhlükəsizlik və effektivliyə aid etibarlı məlumatın olmamasına görə istifadə edilməməlidir.

Böyrək funksiyası çatışmazlığı
Yüngül və orta dərəcəli böyrək funksiyası pozuntusu olan xəstələrdə xüsusi doza təyin edilməsinə ehtiyac yoxdur. Böyrək funksiyası ciddi olaraq azalmış (kreatinin klirensi < 30 ml/dəq) xəstələrdə ehtiyatla istifadə olunmalıdır.

Qaraciyər funksiyası çatışmazlığı
Yüngül və mülayim qaraciyər çatışmazlığı zamanı ilk iki həftə üçün 5 mq başlanğıc dozanın tətbiq olunması tövsiyə edilir. Xəstənin müalicəyə fərdi cavabına uyğun gündəlik doza maksimum 10 mq-a qədər artırıla bilər. Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı doza çox ehtiyatla seçilməlidir.

CYP2C19  zəif metabolizə olan xəstələr
CYP2C19 zəif metabolizə olan xəstələrdə müalicənin ilk 2 həftəsində başlanğıc doza olaraq 5 mq istifadə edilməsi tövsiyə edilir. Fərdi olaraq xəstənin müalicəyə cavabından asıllı olaraq gündəlik doza maksimum 10 mq-a qədər artırıla bilər.

Müalicənin dayandırılması
Ortaya çıxa biləcək kəsilmə reaksiyalarının qarşısını almaq üçün Novapram ilə müalicə olunduqda 1-2 həftəlik müddət ərzində doza tədricən azaldılaraq dayandırılmalıdır. Əgər dozanın azaldılması və ya müalicənin dayandırılması zamanı dözülməz simptomlar baş verirsə, əvvəlki doza yenidən təyin edilə bilər. Sonradan həkim dozanı daha yavaş-yavaş azalda bilər.

Müalicə dayandırıldıqda müşahidə olunan simptomlar
Müalicəni dayandırdıqda, xüsusilə, birdən-birə dayandırdıqda adətən “kəsilmə sindromu” baş verir. Klinik sınaqlar zamanı, müalicənin dayandırılması ilə bağlı əlavə reaksiyalar essitalopram qəbul edən xəstələrin 25%-də, plasebo qəbul edənlərin 15%-də müşahidə edilmişdir. “Kəsilmə sindromu”nun baş verməsi, müalicənin müddəti, müalicə dozası, dozanın azaldılma dərəcəsi kimi faktorlardan asılı ola bilər. Başgicəllənmə, hissiyat pozğunluğu (paresteziya və elektrik şoku hissi daxil olmaqla), yuxusuzluq, oyanıqlıq və ya narahatlıq, ürəkbulanma və/və ya qusma, tremor, konfuziya halı, tərləmə, başağrısı, diareya, taxikardiya, emosional qeyri-sabitlik, əsəbilik və görmə pozğunluğu ən çox qeydə alınan reaksiyalardır. Adətən, bu reaksiyalar yüngül və orta ağırlıqlı olur, lakin, bəzi xəstələrdə intensivliyinə görə ciddi xarakter ala bilər. Belə hallar, adətən, müalicənin dayandırılmasının ilk bir neçə günündə baş verir, lakin, təsadüfən dozanı qəbul etməyən xəstələrdə, nadir hallarda, belə simptomlar müşahidə edilmişdir. Bu simptomların keçib getməsi bəzi xəstələrdə 2-3 ay və ya daha çox müddətə qədər uzansa da, adətən, 2 həftə içərisində keçib gedir. Məsləhət olunur ki, müalicənin dayandırılması zamanı, xəstənin ehtiyacından asılı olaraq, bir neçə həftə və ya ay ərzində essitalopram periodik olaraq azaldılsın.

Əlavə təsirləri
Daha çox müalicənin 1-2 həftəlik mərhələsində baş verən əlavə təsirlər əsasən müalicənin sonrakı mərhələlərində tezliyi və təsirinə görə azalır. SGTSİ-lar, plasebo kontrollu klinik tədqiqatlar zamanı və postmarketinq dövründə essitaloprama qarşı müşahidə edilən əlavə reaksiyalar, baş vermə tezliyinə görə aşağıda sadalanmışdır. Başvermə tezliyi klinik tədqiqatlardan götürülmüşdür.

Əlavə təsirlərin baş vermə tezliyi göstəricisi
Bəzən (1000 nəfərdən 1-də)
Qeyri-adi qanaxma, həmçinin mədə-bağırsaq qanaxmaları.

Nadir (10000 nəfərdən 1-də)
Əgər sizdə dilin və dodaqların ödemi, nəfəsalmanın çətinləşməsi (allergik reaksiyalar) kimi əlamətlər müşahidə olunarsa, dərhal həkiminizə məlumat verin.
Əgər sizdə temperaturun yüksəlməsi, oyanıqlıq, huşun dumanlanması, əsmə və əzələlərin qıcolması kimi əlamətlər meydana gələrsə, həkiminizə müraciət edin. Bunlar serotoninergik sindromun əlamətləridir.

Aşağıda qeyd olunan əlavə təsirlər baş verərsə həkiminizə məlumat verin:
Sidiyəgetmənin çətinləşməsi
Qıcolmalar
Gözün və dərinin saralması (qaraciyər funksiyasının pozulmasının əlamətləri)
Taxikardiya, aritmiya, bayılma (torsade de pointes kimi həyat üçün təhlükəli halın əlamətləridir)

Çox tez tez (10 nəfərdən 1-də)
Başgicəllənmə, başağrı, ürəkbulanma.

Tez-tez (100 nəfərdən 1-də)
Burunun tutulması (sinusit)
İştahanın artması və ya azlması
Narahatlıq, oyanıqlıq, yuxugörmənin pozulması, yuxuyagetmənin çətinləşməsi, yuxululuq, başgicəllənmə, əsnəmək, tremor, dəri qaşınması, paresteziya
Diareya, qəbizlik, qusma, ağızda quruluq
Tər ifrazının artması
Əzələ və oynaq ağrıları (artralgiya və mialgiya)
Cinsi zəiflik (eyakulyasiyanın zəifləməsi, ereksiya pozğunluğu, impotensiya, qadınlarda orqazma çatmanın pozulması)
Yorğunluq, istilikbasma
Çəkinin artması

Bəzən (1000 nəfərdən 1-də)
Övrə, dəri səpgiləri, dəri qaşınması
Bruksizm, oyanıqlıq, əsəbilik, panik həmlələr, huşun dumanlanması
Yuxunun pozulması, bayılma, dadbilmənin pozulması
Bəbəklərin genişlənməsi (midriaz), görmənin pozulması, qulaqlarda küy
Saçların tökülməsi
Vaginal qanaxmalar (metrorragiya, menorragiya)
Çəkinin azalması
Taxikardiya
Ödem
Burun qanaxmaları

Nadir (10000 nəfərdən 1-də)
Anafilaktik reaksiya
Aqressiya, depersonalizasiya, hallüsinasiya
Nəbzin azalması

Başvermə tezliyi məlum olmayan
Özünə qəsdə meyllik
Qanda natriumun səviyyəsinin azalması (başgicəllənmə, əzələ zəifliyi, huşun dumanlanması)
Başgicəllənmə (ortostatik hipotenziya səbəbindən)
Qaraciyər funksiyasının pozulması (qanda qaraciyər fermentlərinin artması), hepatit
Hərəki pozğunluqlar (əzələlərin iradədən asılı olmayan hərəkət), diskineziya
Ağrılı ereksiya, priapizm
Qanın laxtalanmasının pozulması, selikli qişalarda ekximoz qanaxma
Antidiuretik hormonun sekresiyasının pozulması
Trombositopeniya
Angionevrotik ödem
Diurezin artması, sidiyin ləngiməsi
Qadınlarda süd vəzindən südün gəlməsi
Maniya
Motor oyanıqlıq (akatiziya)
Anoreksiya
Ürək ritminin pozulması (QT intervalının uzanması, ürəyin elektrik aktivliyinin pozulması)
Yuxarıda qeyd olunan halların hər hansı birinin ciddi hal alması zamanı həkiminizə məlumat verin.

Müalicənin dayandırılması
SGTSİ-ları ilə müalicənin dayandırılması (xüsusən, birdən-birə dayandırdıqda) “kəsilmə sindromu”na səbəb olur. Başgicəllənmə, hissiyatın pozulması (paresteziya və elektrik şoku hissi), yuxu pozğunluğu (yuxusuzluq və gərgin yuxu daxil olmaqla), təşviş (agitasiya) və narahatlıq, ürəkbulanma və/və ya qusma, tremor, konfuziya halı, tərləmə, baş ağrısı, diareya, ürəkdöyünmə, emosional qeyri-sabitlik, əsəbilik və görmə pozğunluğu daha tez-tez qeydə alınmışdır. Adətən, bu reaksiyalar yüngül və orta ağırlıqlı olur, lakin, bəzi xəstələrdə intensivliyinə görə ciddi xarakter ala bilər. Məsləhət olunur ki, müalicənin dayandırılması zamanı essitalopram periodik olaraq azaldılsın.

Doza həddinin aşılması
Toksiklik

Essitalopramın doza həddinin aşması barədə kliniki məlumatlar məhduddur. Əksər hallarda zəif simptomlar və ya onların olmaması barədə məlumat verilir. Təkcə essitalopramın yüksək dozalanması ilə bağlı ölüm halları nadir hallarda qeydə alınmışdır; bu halların çoxuna səbəb başqa dərmanlarla birgə istifadə ilə əlaqədar yüksək dozalanma olmuşdur. Essitalopramın 400- 800 mq dozada qəbulu ciddi fəsadlara gətirib çıxarmamışdır.

Əlamətləri
Essitalopramın doza həddinin aşması nəticəsində müşahidə edilən əlamətlər MSS tərəfindən (başgicəllənmə, tremor, bayılma, şüurun itməsi, tutmalar); mədə-bağırsaq traktı tərəfindən (ürək bulanma, qusma), ürək-damar sistemi tərəfindən (hipotenziya, taxikardiya, QT intervalın uzanması, aritmiya) və elektrolit mübadiləsinin pozulması (hipokaliemiya, hiponatriemiya).

Müalicəsi
Spesifik antidotu yoxdur. Tənəffüs yollarının keçiriciliyi təmin olunmalı və adekvat oksigenasiyası təmin edilməlidir. Per oral qəbulundan sonra ən qısa müddət ərzində mədə yuyulmalıdır və aktivləşdirilmiş kömür təyin edilməlidir. Ürək-damar sisteminə nəzarət edilməsi və ümumi yardım tədbirlərinin göstərilməsi tövsiyə olunur.

Buraxılış forması
14 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
LABORATORIOS NORMON, S.A. Ronda de Valdecarrizo, 6 28760 Tres Cantos Madrid (SPAIN)

Qeydiyyat vəsiqəsinin və əmtəə nişanının sahibi
“NOVATOR PHARMA” MMC, Böyük  Britaniya.
8 Shepherd Market, Office 21 London, UK.