Hər gün orqanizmə qida və su vasitəsilə 500-1500 mq Ca daxil olur. Orqanizmə daxil olan Ca-un 20-30%-i bağırsaqdan (əsasən 12 barmaq bağırsaqdan) qana sorulur, qalan 70-80%-i nəcislə orqanizmdən xaric olur. Həmin Ca bağırsaqdan D vitamini (D hormon) təsiri nəticəsində qana sorulur. Bu prosesdə qalxanabənzər ətraf vəzdən sintez olunan parathormon vacib rol oynayır, belə ki, D vitamininin aktivləşməsində, həmçinin qana sorulmuş Ca-un 99% sümük toxumasında toplanmasında və qanda Ca-un normal konsentrasiyada olmasında parathormonun rolu böyükdür. Əgər qan plazmasında Ca-un miqdarı azalarsa parathormon sümük rezorbsiyasını aktivləşdirərək sümük toxumasından Ca-un qana keçməsinə səbəb olaraq qandakı konsentrasiyanı normallaşdırır.
Orqanizmə sutkada daxil olmuş Ca-un təqribən 200 mq-ı sidiklə ekskresiya olunur. 40% Ca plazmada zülallarla birləşir, ona görə qlomerulyar kapillyarlardan filtrasiya olunmur. Qalan 60% sərbəst Ca (9%-i anionlarla, məs: fosforla birləşir, yaxud 51%-i ionlaşır) yumaqcıqlardan böyrək kanallarına filtrasiya, sonra D vitamininin iştirakı ilə reabsorbsiya olunur. Əgər qanda Ca-un miqdarı azdırsa rearbsorbsiya yüksəlir, nəticədə Ca demək olar ki, sidiklə orqanizmdən xaric olmur. Əksinə, qanda Ca-un konsentrasiyası artıqda Ca-un ekskresiyası artır. Ca-un ekskresiyasının tənzimləyicisi parathormondur.